Bizi İzləyin :

TƏDBİRLƏR

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Bəyanatı

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının BƏYANATI Bu gün Azərbaycan tarixinin ən faciəvi günlərindən biri – Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik törədilmişdir. 3 minə yaxın əhalisi olan şəhər mühasirəyə alınaraq ağır artilleriya silahları və tanklardan saatlarla atəşə tutulduqdan sonra dinc əhaliyə qarşı qətliam törədilmişdir. Cəmi bir neçə saatın içərisində sırf milli mənsubiyyətinə görə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini ağlasığmaz amansızlıqla qətlə yetirilmiş, 500-ə yaxın insan, o cümlədən 76 uşaq isə ağır yaralanmışdır. Həmin gecə sağ qalan 1275 nəfər girov götürülərək dəhşətli işgəncələrə məruz qalmışdır. 68 qadın və 26 uşaq daxil olmaqla 150 əsirin taleyi hələ də məlum deyil. Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 90-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzü ilə başlayan müharibənin gedişatında və sonrakı 26 il ərzində atəşkəs dövründə olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində vüsət alan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı cinayətlər davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən yaşayış məntəqələrinin, xüsusilə də Gəncə və Bərdə kimi şəhərlərin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 93 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmışdır.   Biz, ətrafında on minlərlə gənci birləşdirən Gənclər Təşkilatları olaraq, 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edirik:   -        XX əsrin sonunda dünyanın gözü qarşısında ən ağır beynəlxalq cinayət törədənlərin bugün Ermənistanda qəhrəmanlaşdırılması və cəzasız mühitdə yaşaması qəbuledilməzdir! Xocalı şəhərində yüzlərlə dinc sakinin amansız qətliamının təşkilatçıları və icraçıları olan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında heç bir vicdan əzabı çəkmədən etiraf edən Robert Koçaryan, Seyran Ohanyan, Serj Sarqsyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar!   -        Bütün beynəlxalq təşkilatları, həmçinin bütün ölkələrin parlamentlərini  Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyə və gələcəkdə belə hadisələrin bir daha təkrar olunmaması naminə insanlıq əleyhinə yönəlmiş bu cinayəti qətiyyətlə pisləməyə səsləyirik!   -        Ermənistan hökumətindən Xocalıda törədilən soyqırımına görə rəsmi şəkildə üzr istəməsini və bu cür cinayətləri bir daha törətməyəcəyi ilə bağlı dövlət səviyyəsində zəmanət verməsini tələb edirik!   Artıq münaqişə tarixdə qalmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. İndi 30 ildir ki, bu münaqişədən əziyyət çəkən regionumuzda sülhün və təhlükəsizliyin bərqərar edilməsi vaxtıdır. Lakin sülhün, erməni və Azərbaycan xalqlarının birgəyaşayışın təmin edilməsi üçün ədalət öz yerini tapmalı, müharibə cinayətkarları, o cümlədən Xocalı qatilləri məsuliyyətə cəlb edilməlidir. Ədalət sülhün təməl daşıdır!    Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması, Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi - dünya liderlərini, ictimai aktivistləri, jurnalistləri, bloqerləri, idmançıları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini əsirgəməməyə, soyqırımı qurbanları ilə həmrəylik nümayiş etdirməyə  çağırırıq!   Azərbaycan Respublikası Gənclər Təşkilatları


2021-02-26

Ətraflı >

"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (ARGİN) tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10-16 ferval tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “XII Liderlik Məktəbi” layihəsi baş tutub.  Layihə Gəncə şəhərində yerləşən Ramada oteldə keçirilib. Açılış mərasimində Gənclər və İdman Narizliyinin nümayəndəsi Elnur Abdullayev və ATGTİ-nin baş katibi Ramin Həbibzadə çıxış edərək, layihədə iştirak hüququ qazanan tələbələri qazandıqları uğur münasibətilə təbrik ediblər. Elnur Abdullayev bildirib ki, “Liderlik Məktəbi” layihəsi ATGTİ-nin təşkilatçılığı ilə 2010-cu ildən etibarən həyata keçirilən sayca  12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Ramin Həbibzadə çıxışı zamanı iştirakçıları ATGTİ-nin fəaliyyəti ilə yaxından tanış etdikdən sonra, komanda kapitanlarını və layihədə qonaq qismində iştirak edən təlimçiləri iştirakçılara təqdim edib. O, nitqinin sonunda bütün komandalara mübariz olmağı və sağlam rəqabət aparmağı tövsiyə edib. “XII Liderlik Məktəbi”  layihəsində iştirak edən 120 tələbə 5 komandada  – “Gənclik”, “İnkişaf”, “Liderlik”, “Gələcək” və “Birlik” komandalarında bölünüb. Komandalar 10 fevral tarixində Bakıdan Gəncəyə yola düşüb,  elə həmin gündən də yarışmaya start verilib. “Könüllülər İli” çərçivəsində keçirilən layihənin əsas məqsədi tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirmək idi. Tələbələrə peşəkarlar təlimçilər – Faiq Məmmədov tərəfindən “Könüllülük”, Fərrux Rəhimov tərəfindən “Layihələrin yazılması”, Babaxan Məlikli tərəfindən “Media”, Fəxrəddin Abdullayev tərəfindən  “Menecment Üsulları” və Fərid Məhərrəmli tərəfindən “Liderlik” mövzularında təlimlər keçilib. Təlimlərlə yanaşı iştirakçılar ARGİN-in Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın iştirakı ilə “Media”, Cavan Gənclər Hərəkatının icraçı direktoru Murad Ağabəyli və Turizm Könüllüləri Təşkilatı İB-nin direktoru Hüseyn Məmmədovun iştirakı ilə “2020 Bizim İlimİZdir”, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İB-nin sədri Nurəddin Mehdiyevin iştirakı ilə “Qarabağ Azərbaycandır!”, ağırlıqqaldırma idman növü üzrə dünya çempionu Rüfət Ağayev və Paralimpia çempionu Ramil Qasımovun iştirakı ilə“İdman!” və Azərbaycan respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ARGİN-in Gənclər iş şöbəsinin müdiri İndira Hacıyevanın iştirakı ilə “Gənclər siyasəti” haqqında təşkil olunmuş panellərdə iştirak ediblər. Bundan əlavə, layihə müddətində YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi, YAP-ın deputatlığa gənc lider-namizədi Müşfiq Cəfərov və Gəncə Dövlət Universitetinin Elm və texnika üzrə prorektoru Pərvin Kərimzadənin iştirakçılarla görüşü baş tutub. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olub, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdiriblər. Beləliklə, 6 günlük layihənin sonunda bütün komandalar qalib elan olunaraq iştirakçılar fərqlənmə diplomu ilə təltif olunublar.      


2020-02-20

Ətraflı >

“Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalib təqaüdçüləri seçilib

PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 2012-ci ildən etibarən birgə həyata keçirdiyi  “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin cari ildəki qalib təqaüdçüləri seçilib. Cari ildə müsabiqəyə 7 oktyabr tarixindən start verilib. Elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələdən ibarət layihədə 20 tələbə-gənc xüsusilə fərqlənməyi bacarıb. Qeyd edək ki, hər bir təqaüdçü 12 ay boyunca, hər ay 145 AZN məbləğində təqaüdlə təmin ediləcək.   Layihə yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirmək məqsədi daşıyır.   Aşağıda adları qeyd olunan tələbə-gəncləri bu uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə etməyi arzu edirik:   Atakişizadə Mehriban - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Bayrami Fidan - Bakı Mühəndislik Universiteti Cəfərli Fuad - Azərbaycan Dövlət Aqrar Universiteti Dadaşova Nigar - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Dünyamalıyev İslam - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ələsgərov İsa - Bakı Mühəndislik Universiteti Mehtiyev Tural - “ADA” Universiteti Məhyəddinli Rəşad- Bakı Mühəndislik Universiteti Məmmədli Fərid- “ADA” Universiteti Məmmədova Ülviyyə - Bakı Mühəndislik Universiteti Mənsumlu Kürşad - Azərbaycan Dövlət İqtisad Universiteti Muxtarov Elmir - Bakı Mühəndislik Universiteti Musazadə Nurlan - Azərbaycan Dövlət İqtisad Universiteti Qaralov Əsəd - Azərbaycan Dövlət İqtisad Universiteti Quluzadə Kəmalə - Bakı Mühəndislik Universiteti Sayidov Fərhad - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Səlimova Gülanə - Azərbaycan Dövlət İqtisad Universiteti Soltanova Aytən - Azərbaycan Dövlət İqtisad Universiteti Süleymanova Leyla - Bakı Mühəndislik Universiteti Ziyatxanlı Murad - Bakı Mühəndislik Universiteti


2018-12-29

Ətraflı >

Panel görüşü

1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri


2021-11-02

Ətraflı >

“Hərbi Qənimətlər Parkı”na səfər

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hərbi Qənimətlər Parkı”na səfər təşkil olunmuşdur.Səfər zamanı SDU-nun baş müəllimi, polkovnik-leytenant Tapdıq Hacıyevin bələdçiliyi ilə #tələbələrimİZ parkdakı eksponatlarla tanış olmuş və ətraflı məlumat əldə etmişlər.


2021-11-13

Ətraflı >

“Tələbə Sual Verir” layihəsinə start verildi

Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.  Bu tədbirlər sırasında Nazirlər Kabinetinin 19 May tarixli Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə müvafiq qərarı da yer alıb. Qeyd olunan qərarla, bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları müəyyən edilmişdir.  Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ "Tələbə Sual Verir" layihəsinə start vermişdir. Layihə çərçivəsində tələbələrdən daxil olan suallar ünumiləşdirilərək Təhsil Nazirliyi ilə əlaqələndirmə çərçivəsində cavablandırılır və qısa məlumatlandırıcı video çarxlar formatında təqdim olunur.  Məlumatlandırıcı videolarla ATGTİ-nin sosial mediya hesabları vasitəsilə tanış ola bilərsiz: İnstagram : https://www.instagram.com/atgti_asyou/  Facebook : https://www.facebook.com/atgti/    


2020-05-31

Ətraflı >

ATGTİ və FHN-in Bakı Regional Mərkəzi birlikdə elmi-praktik konfrans keçirib

5 dekabr 2019-cu il tarixində ATGTİ və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasında “Fövqəladə hallarla mübarizə: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans keçirib. FHN Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə artıq 9-cu ildir ki, keçirilən analoji konfranslar daha öncə Azərbaycan Memarlıq və İnşaat, Bakı Slavyan, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye, Xəzər, Qərbi Kaspi Universitetlərində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında uğurla keçirilib. Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, bu sahədə mövcud olan nailiyyətlər, problemlər və perspektivləri müzakirə etmək, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni fikirlər, yeni ideyalar ortaya çıxarmaqdan ibarət olub. Elmi-praktik konfransı giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi kafedrasının müdiri, dosent Nazim Nağıyev tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb, FHN Bakı Regional Mərkəzi və ATGTİ-yə öz təşəkkürünü bildirib. Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd edib ki, fəaliyyət göstərdiyi 14 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Ramin Həbibzadə  belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib. Daha sonra konfransda məruzəçilər tərəfindən “Hava nəqliyyatında qəzaların qarşısının alınması imkanları”, “Fövqəladə hallarlda bina və qurğuların dayanıqlığının təmin edilməsi yolları”, “Bakı şəhəri ərazisindəki sürüşmə sahələri və problemin həlli yolları”, “Neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsində yeni metodların tətbiqi”, “Meşə yanğınları ilə mübarizə-ekoloji sabitliyin əsas amili kimi”, “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin edilməsinin əsas aspektləri”, “Su nəqliyyatında qəzaların qarşısının alınması imkanları”, “Fövqəladə hallarla mübarizədə KİV-lərin rolu”, “Fövqəladə hallar zamanı ilk tibbi yardım” mövzularında çıxışlar edilib. Sonda məruzəçilərə diplomlar təqdim edilib.  


2019-12-11

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər.  Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.        


2020-01-17

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb

Oktyabrın 2-də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ilk toplantının mövzusu Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi olduğunu qeyd edib. Vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi xalqa, vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, üçüncüsü praktiki hərəkət olduğunu da bildirib. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən söz açıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri salamlayıb, forum iştirakçılarına öz təbriklərini çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amillərdən olduğunu deyən icra hakimiyyətinin başçısı gənclərə dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək dövlət gənclər siyasətindən, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğundan danışıb, son illərdə Azərbaycan gəncliyinin qazandığı uğurları qeyd edib. Rəsmi hissədən sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Filarmoniyasında təşkil olunmuş sərgi ilə ilə tanış olublar. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblə  


2018-10-02

Ətraflı >

Ali təhsil müəssisələri arasında «Xəmsə» Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçiril...

  Azərbaycan Dillər Universitetinində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Dillər Universitetinin Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə ali təhsil müəssisələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib. 2 turdan ibarət olan yarışda 32 ali təhsil müəssisəsi iştirak edib. Oyun zamanı iştirakçılara müxtəlif bölmələr üzrə suallar verilib. Sualları cavablandıraraq tələbələr öz biliklərini sınayıb və komandada aktiv fəaliyyət göstəriblər. Yarış zamanı komandalar  qalib olmaq üçün mübarizə aparıblar. Final oyunu 4 komanda arasında oynanılıb. 1-ci yeri Azərbaycan Tibb Universiteti, 2-ci yeri Milli Aviasiya Akademiyası, 3-cü yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 4-cü yeri isə Bakı Avrasiya Universiteti tutmuşdur.             


2018-12-09

Ətraflı >

Avropa Gənclər Kartı Assosiasiyasının regional iclası keçirilib.

26 may 2020 il tarixində Avropa Gənclər Kartı Assosiasiyasının (European Youth Card Association, eyca.org) regional iclası keçirilmişdir. İclasda Avropa Gənclər Kartı Assosiasiyasının icraçı direktoru, Azərbaycan, Bolqarıstan, Çexiya, Rumıniya, Polşa, Gürcüstan üzrə üzv təşkilatların rəhbərləri iştirak ediblər. Görüş zamanı Avropa Gənclər Kartı Assosiasiyasının növbəti 5 il üçün strateji planının hazırlanması və ölkələr üzrə həyata keçirilən fəaliyyətlər müzakirə edilmişdir. Onlayn formatda keçirilən iclasda ATGTİ-nin sədri Faiq Məmmədov iştirak edərək Azərbaycan Tələbə Kartının fəaliyyəti haqqında məlumat vermişdir.  


2020-05-27

Ətraflı >

"Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiadaya yekun qoyulub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,  Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Poliqon Dostlar Klubu və Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Poliqon Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsi keçirilib. Tədbirdə ATGTİ-nin Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. O, tələbələri salamlayaraq müsabiqədə uğurlar arzuladığını bildirib. Final mərhələsində müxtəlif təhsil müəssisələrindən olan 18 komanda iştirak edib.  Yarışın nəticələrinə uyğun olaraq  610 bal toplamış “GentleMans” yığma komandası 1-ci; 565 bal ilə “Queentett” yığma komandası 2-ci; 540 bal toplayaraq “Naxçıvanın Diplomat” komandası 3-cü yerə layiq görülüb. Yarışın sonunda iştirakçılar təltif edilib.      


2020-03-10

Ətraflı >

ATGTİ sədri Faiq Məmmədov Belçikanın Brüssel şəhərində işgüzar səfərdə olub

15-18 noyabr tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər məruzə edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində 200-dən çox, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq müəssisədən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir. Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə kartının əməkdaşlıq etdiyi Avropa Gənclər Kartı Assosiasiyası 1991-ci ildə gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalamış, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlamışdır. Onu da qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  ən gənc və ilk Azərbaycanlı üzvüdür.  


2019-11-27

Ətraflı >

“44 Günün Qəhrəmanları”

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Böyük Qayıdış Gənclər Təşkilatı birgə təşkilatçılığı ilə oktyabrın 22-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Texniki Universitetində təşkil olunmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, universitetin Elm və innovasiya üzrə prorektoru Çetin Elmas və universitetin qazi tələbəsinin valideyni, Birinci Qarabağ müharibəsi iştirakçısı Sübut Mehdiyevin çıxışları ilə davam edib. Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və bizi tarixi yurd yerlərimizə qovuşdurmaları barədə çıxış edib. Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Şəhriyar İbrahimli, Fərahim Əmirli, Elvin Rəsulov və Elnur Abbasov çıxışları zamanı Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini tələbələrlə bölüşüblər. Son olaraq universitetin tələbələri adından Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin fəal tələbəsi Əmrah Fərəcov və Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək qəhrəmanlarımıza təşəkkür ediblər. Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir. #ATGTİ #BöyükQayıdış #44GününQəhrəmanları


2021-10-22

Ətraflı >