• Bizi izləyin:
AZ | RU | EN

Tələbə Gənclər Təşkilatlarının tarixi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbəri Ramiz Mehdiyevin «Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» 2005-ci il 15 fevral tarixli 41 №li Sərəncamı ilə bağlıdır. Həmin sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Naziri Misir Mərdanov «Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» 2005-ci il 28 fevral tarixli 89 №li əmr imzalamışdır. Bununla bütün dövlət və qeyri-dövlət təhsil müəssisələrində tələbələrin sayından asılı olaraq tələbə-gənclər təşkilatlarının yaradılması başlanıldı.

Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərini tənzimləmək məqsədilə 2005-ci ilin 6-7 may tarixlərində Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) və Təhsil Nazirliyi «Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi»ni təsdiq etmişlər. 2007-ci ildə isə, Əsasnamə yenidən işlənərək hər iki nazirlik tərəfindən təsdiq olunmuş, ali və orta ixtisas təhsili müəssisələrinə paylanılmışdır.

TGT-lərin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

- tələbələr arasında maarifləndirmə işinin aparılması;

- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

- tələbələrin hüquqlarının təmin edilməsi;

- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;

- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;

- tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;

- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;

- tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;

- təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;

- qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

Azərbaycan Tələbə Gənclər İttifaqında birləşən, ümumilikdə 96 ali və orta ixtisas təhsil müəsissələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının 30 mindən çox tələbə gənc üzvüdür.