• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilati dəstəyi ilə “Diplomatiyanı səfirdən öyrən” adlı layihə çərçivəsində 2-ci görüş baş tutub

16.04.2019, 20:58 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində Gənclər Fondunun maliyyə dəstəyi ilə “Diplomatiyanı səfirdən öyrən” adlı layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan 5 görüşdən artıq 2-cisi də baş tutub.

  Budəfəki görüşdə Meksikanın Azərbaycandakı səlahiyyətli səfiri cənab Xuan Rodrigo Labardini Flores iştirak edib.

  İlk öncə ATGTİ sədri Faiq Məmmədov və Baş katib Ramin Həbibzadə cənab səfir ilə görüşüb və layihə ətrafında bəzi müzakirələr aparıb.

  Daha sonra Ramin Həbibzadə cənab səfiri tələbələrə təqdim edərək layihənin təşkilində Gənclər Fondunun xüsusi dəstəyini vurğulayıb. O, Gənclər Fondunun gənclərə göstərdiyi diqqət və qayğının gənclər tərəfindən yüksək qarşılandığını bildirib.

  Görüş zamanı cənab səfir iştirakçılara diplomatiyanın sirlərindən bəhs edib, səfirliyin ölkə ərazisindəki fəaliyyətini açıqlayıb. O, Səfirliyin çalışma funksiyasını müxtəlif aspektlərdən izah edib. Azərbaycan və Meksika dövlətlərinin dostluq münasibətlərindən danışan cənab Labardini Flores ölkələrimiz arasındakı iqtisadi və mədəni əlaqələri dəyərləndirərək, iştirakçılara ətraflı məlumat verib. Həmçinin, Azərbaycanda səfirliyin fəaliyyətdə olmadığı dövrlə, fəaliyyətə başladığı dövr arasındakı iqtisadi əlaqələrin nə səviyyədə yüksəldiyini qrafik üzərində auditoriyanın nəzərinə çatdırıb.

  Görüşün sonuna yaxın cənab səfir iştirakçıların suallarını cavablandırıb. O, həmçinin Meksika-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək təkliflər üçün gənclərə müraciət edib. Cənab səfir belə görüşlərin tez-tez keçirilməsini arzuladığını bildirib.

  Sonda isə xatirə şəkli çəkilib və görüş sona çatıb.