• Bizi izləyin:
AZ | RU | EN

Tələbə Gənclər Təşkilatlarının "Aprel Zəfəri" ilə bağlı keçirdiyi silsiləvi tədbir və səfərlər yekunlaşıb

15.04.2019, 16:49 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

 

   Tələbə Gənclər Təşkilatları Aprel döyüşləri ilə bağlı silsiləvi tədbirlər keçirib.

   Dördgünlük müharibə adı ilə də tanınan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlərdən olub. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən bu döyüş sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun  Gülüstan  kəndi,  Tərtər rayonunun Qazaxlar kəndi və  Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.

    Bununla da Azərbaycan Respublikasının bəzi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bu danılmaz qələbəsi keçirilən tədbir və edilən səfərlərdə bir daha vurğulanıb.

    Belə ki, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində Aprel döyüşləri ilə bağlı tamaşa tipli tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi ilə Aprel şəhidləri yad edilmiş və həmin təhsil müəssisələrində təhsil alan gənclərə Qarabağ həqiqətləri, həmçinin, Aprel zəfəri bir daha xatırlanmış olub.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə əcnəbi tələbələrlə birgə Aprel şəhidlərinə  həsr edilmiş filmə baxış keçirilib. Bu film, əcnəbi tələbələr tərəfindən böyük marağa səbəb olub və əcnəbi tələbələr tərəfindən həssaslıqla qarşılanıb.

     Bakı Mühəndislik Universitetinin Tələbə Gənclər Təşkilatı kollektivi Sumqayıt şəhərindəki şəhid ailələrini ziyarət edib. TGT kollektivi şəhid ailələrinə edilmiş ziyarətlə xalqımızın, xüsusən də Azərbaycan gəncliyinin şəhid ailələrinə olan diqqət və qayğısını bariz nümayiş etdirib.

     Aprel Şəhidlərinin Əziz Xatirəsini yad etmək məqsədilə ADPU  Şamaxı Filialının Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də şəhidlər -

Kaçayev Samir Ziyəddin oğlu

Səmədov Elşən Səlim oğlu

Zəkərayev Nazim Nadir oğlu-nun məzarlarını ziyarət edib. Onlar şəhidlərimizin göstərdikləri şücaətlərdən söz açaraq, "Vətən" məfhumun ucalığından bəhs edib.

     Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri isə Aprel döyüşləri və 31 mart soyqırımı ilə bağlı olaraq "Quba Soyqırımı Memorial Kompleksi"nə səfər edib.