• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə "BMT-ni öyrənərək kəşf et" layihəsi çərçivəsində növbəti görüş baş tutub

09.04.2019, 22:59 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

    Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş baş tutub.

   Budəfəki görüşdə BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov iştirak edib.

   İlk öncə ATGTİ-nin Baş katibi Ramin Həbibzadə nümayəndəliyin rəhbəri ilə görüşərək, layihə ətrafında və gələcək tərəfdaşlıqla bağlı bəzi müzakirələr aparıb. Bununla yanaşı Ramin Həbibzadə, ATGTİ-nin bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında BMT nümayəndəsinə ətraflı məlumat verib.

   Ramin Həbibzadə tədbiri açıq elan edərək layihənin gənclər üçün əhəmiyyətini vurğulayıb və BMT nümayəndəsi Rəşad Hüseynovu tələbələrə təqdim edib.

   Daha sonra söz BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynova verilib. O, tələbələri salamlayaraq layihənin onlara verəcəyi töhfədən bəhs edib. Həmçinin BMT-nin agentlikləri arasındakı əlaqə formalarından və informasiya mübadiləsinin əhəmiyyətindən danışıb. Gənc tələbələrə pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan bəhs edərək ictimai fəaliyyət baxımından onları stimullaşdırıb. Rəşad Hüseynov nitqinin sonunda BMT-nin gənclər sahəsində gördüyü işləri və BMT-də gənclər üçün yaradılmış iş imkanlarının mövcudluğunu vurğulayıb.

   Tədbirin sonunda Rəşad Hüseynov tələbələri maraqlandıran sualları cavablandırıb və xatirə şəkli çəkilib.

   Tədbir kofe fasiləsi ilə yekunlaşıb.