• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində ilk görüş uğurla baş tutub

11.03.2019, 19:58 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr üçün növbəti maarifləndirici tədbir həyata keçirib.

   Fransız-Azərbaycan Universitetinin (UFAZ) ev sahibliyi ilə keçirilən “BMT-ni öyrənərək kəşf et” adlı layihənin ilk qonağı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dr. Hande Harmancı olub. "BMT Qadın Liderlər” proqramının məzunu olan Dr. Hande Harmancı, qlobal və milli səviyyələrdə 28 illik tibb universiteti müəllimliyi və tədqiqatçı təcrübəsinə malik ictimai səhiyyə mütəxəssisidir.

   Dr.Hande Harmancı tədbir zamanı çıxış edərək, QİÇS sindromu timsalında  yoluxucu xəstəliklərdən danışıb. O, müasir dövrümüzdə  yoluxucu xəstəliklərin sürətlə artmaqda olduğundan, xüsusilə hepatit, sifilis xəstəliklərinin də eynən QİÇS ilə oxşar yoluxma proseslərinə malik olmasından bəhs edib. Bu xəstəliklər yoluxucu olduğundan, Səhiyyə Nazirliyi bu xəstəliklərə yoluxmuş insanları xüsusi nəzarətdə saxlayır. Hansı ki, çox pis nəticələrlə sonlanan bu xəstəliklərin daşıyıcılarını mütləq şəkildə maarifləndirmək, xüsusi hallarda isə nəzarətdə saxlamaq lazımdır. Çünki QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) xəstəliyin daşıyıcılarında özlərindən asılı olmayaraq eqoistlik formalaşdırır. Bu isə öz növbəsində xəstəliyin məqsədli şəkildə də artmasına zəmin yaradır deyə, Dr.Hande Harmancı vurğulayıb. Ona görə də bu qəbildən olan xəstəliklərin yoluxma sürətini azaltmaq və ya aradan qaldırmaq üçün bu formatda olan tədbirlərin həlledici olduğunu bildirib. O, öz çıxışında tələbələrlə görüşündən məmunluq duyduğunu, gənclərin səhiyyə sahəsinə olan marağının təqdirə layiq olduğunu vurğulayıb.

   ATGTİ-nin sədri  Faiq Məmmədov da tələbələri salamlayaraq layihənin tələbələrə verdiyi faydadan danışıb. O qeyd edib ki, yeniyetmələr arasında zərərli vərdişlərin artması, QİÇS-ə yoluxma kimi neqativ hallar hökümət tərəfindən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zəruri ehtiyac yaratmışdır. Bütün bunlar təhsil sahəsində də mühüm addımlar atılmasını tələb edir. Sağlam yaşamağın əsas şərtlərindən biri tibbi biliklərə yiyələnməkdir. İxtisasından, peşəsindən asılı olmayaraq hamının tibbi biliklərə yiyələnməsi zəruridir.

  Tədbirin sonunda tələbələr arasında interaktiv müzakirə əsasında sual-cavab mərhələsi baş tutub. Dr.Hande Harmancı tələbələri maraqlandıran suallara cavab verib.