• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan tələbələrinin II qurultayı keçirilib

22.12.2018, 19:40 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və  Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.

Qurultayın keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. C.Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib. O bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi rəhbər çıxışlarında gəncliyin ölkə və xalq üçün hər şeydən qiymətli olduğunu qeyd edirdi. Bu gün dövlətimizin başçısı İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir. Həmçinin, Şahin İsmayılov qeyd edib ki, Azərbaycan gəncliyinin avanqard pilləsi sayılan tələbələr dövlət gənclər siyasətinin daim tərkib hissəsi və maraq dairəsi olmuşdur.

Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.

Qurultay tələbələrin çıxışları ilə davam edib

Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.

Qurultay tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.