• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Xeyriyyə Klubunun üzvləri E.Mirzəyev adına Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində olublar. Şagirdlərin yaşayış şəraiti, dərsləri ilə maraqlanan tələbələr onlara müxtəlif hədiyyələr veriblər.

Naxçıvan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "18 Oktyabr- Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü" şərəfinə "Şahmat klubu”nun turniri keçirilmişdir. Turnirdə 20 nəfər müxtəlif dərəcəli şahmatçılar yarışmışdır.

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 18 oktyabr Müstəqillik gününə həsr olunan Dama yarışı keçirilib. Gəncə Şahmat Məktəbində keçirilən müsabiqədə 60 yaxın tələbə iştirak edirdi. Gəncə Şahmat Məktəbinin müdiri Asif Həsənov ilk öncə gəncləri salamlayıb və oyunun qaydaları haqqında məlumat verib. Daha sonra isə yarış başlayıb.
Sonda yaradılan şəraitə və dəstəyə görə tələbələr Gəncə Şahmat Məktəbinin müdiri Asif Həsənov və kollektivə öz təşəkkürlərini bildirdilər.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 2 saylı tələbə evinin sakinləri müstəqillik günü ilə əlaqədar bir araya gəliblər. Tarixin şanlı səhifəsi olan bu günün əhəmiyyətindən danışıblar. Universitet rəhbərliyinin dəstəyi ilə keçirilən tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Aidə Qasımova açıb və bildirib ki, əvəzsiz milli sərvətimiz olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb bir vəzifədir. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası həyata keçirib. Daha sonra çıxış edən Tələbə Gənclər Təşkilatının sədr müavini Ruslan Vəliyev müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasının dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerindən, tarixin ağır sınaqlarından çıxan respublikamızın özünəməxsus inkişaf yolundan danışıb. Tədbir bədii-musiqili yaradıcılıq ifaları ilə davam edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı Tələbə Gənclər Təşkilatının 18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra filialın direktoru Yusifova Tünzalə hərkəsi təbrik etdi. Daha sonra dosent Fariz Xəlili çıxış edərək bugünün tarixini hərkəsə birdaha xatırlatmışdır.
Tədbirin davamında şeirlər səslənmiş və mahnılar ifa olunmuşdur.

Qərbi Kaspi Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində olan “Qərb çırağı” teatr dərnəyinin təşkilatçılığı ilə Dövlət Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanın keçdiyi tarixi yola nəzər salınıb, həmçinin müstəqilliyin əldə edildiyi illərdəki ictimai-siyasi vəziyyət şərh edilib.
Vurğulanıb ki, Azərbaycan yenidən təhlükə ilə üzləşdiyi dövrdə xalqımız doğru qərar qəbul edərək Ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Məhz ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın inkişafı üçün dönüş nöqtəsinə çevrildi, ölkəmiz dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına daxil oldu.
Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompazisiya ilə davam edib.

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat Klubunun payız mövsümü üçün "Show Debate"-ı baş tutub. "Show Debate"-da "DeBabat" və "KrokaDillər" komandaları qarşı-qarşıya gəliblər. Hər zaman olduğu kimi ADU TGT Debat Klubunun bu "Show Debate"-ı da əyləncəli və maraqlı anlarla yadda qalıb, yeni üzvlərin böyük marağına səbəb olub.

Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının və Xəzər Mühəndislər Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Avtomatika və Elektronika" adlı seminar keçirilib. İlk öncə AZTU TGT sədr müavini Elcan Qurbanov çıxış edərək tələbələri salamladı və belə seminarların davamlı olacağını bildirdi. Tədbirdə “Elektrik mühəndisliyi” , “Elektronika mühəndisliyi” , “Avtomatika mühəndisliyi” və “Nəzarət ölçü cihazları mühəndisliyi” ilə bağlı təlimçilər öz nəzəri və praktiki biliklərini tələbələrlə bölüşdülər. Seminar ərzində tələbələrin sualları təlimçilər tərəfindən ətraflı olaraq cavablandırıldı və onların gələcək karyeraları haqqında təlimçilər tərəfindən bəzi istiqamətlər verildi.