• Bizi izləyin:
AZ | RU | EN

“Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda silsilə tədbirlər keçirilib

10.05.2018, 17:05 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlət başçısı tədbirdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Əziz gənclər, mən sizi qarşıdan gələn Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq.

Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə başlamışdır. O il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılmışdır.

O illər çox ağır illər idi. Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi. Ölkəmizdə islahatlara start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilmiş, göstərişlər verilmişdir. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman imzalanmışdır. Ondan sonrakı dövrdə də biz həmişə gənclərə dəstək olmağa çalışmışıq. 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilmişdir. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılmışdır, 44 Olimpiya İdman Mərkəzi vardır ki, orada məşq edənlərin əksəriyyəti gənclərdir.

Bizim beynəlxalq əlaqələrimiz genişlənir. Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülmüşdür. Biz Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransını keçirmişik. Bütün bunlar onu göstərir ki, bu istiqamətdə düzgün addımlar atılır və bundan sonra da atılacaq.

Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti başlayanda mən də gənc idim. O vaxt mənim 32 yaşım var idi. Fürsət düşmüşkən, gənclik illərimdən bir qədər danışmaq istərdim. Mən orta məktəbi Bakıda bitirəndən sonra 1977-ci ildə Moskvaya oxumağa getdim. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldum. Beş il orada təhsil aldım, ondan sonra üç il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və mən institutda dərs deməyə başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət törədilmişdir, Qanlı Yanvar faciəsi baş vermişdir.

O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya çatdırdı. Mən də onun yanında idim. Orada mətbuat konfransı keçirdi və Sovet İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu dəhşətli cinayəti bütün dünyaya çatdırdı. Çünki o vaxt bizim sözümüz dünyaya çatmırdı. Hələ Sovet İttifaqı dövrü idi. Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heydər Əliyev kimi tanınmış şəxsiyyətin bu məsələ ilə bağlı dediyi sözlər dərhal dünyaya çatdırıldı və dünya ictimaiyyəti bundan xəbər tutdu. Bu addım həm təbii, həm də çox cəsarətli idi. Çünki Azərbaycan xalqı, onun maraqları Heydər Əliyev üçün hər şeydən üstün idi. Bir daha bildirməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Yəni, Heydər Əliyev sovet sistemini dərindən bilən insan kimi bu addımı şüurlu şəkildə atdı. Bilirdi ki, ona qarşı çox böyük təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Bizdə olan məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və göstəriş vermişdi ki, o, həbs olunsun.

Biz müxtəlif yollarla çalışırdıq ki, o, Moskvadan Bakıya gəlsin. İndi tarixin bu səhifəsini tam açıqlamaq istəmirəm. Ancaq Bakıya gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi.

Müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi məhz Heydər Əliyev Naxçıvan parlamentində qaldırdı və təsis etdi. Azərbaycan Milli Məclisi, - o vaxt Ali Sovet adlandırılırdı, - qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin.

Mənim taleyimdə bundan sonra dəyişiklik baş vermişdir. Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü.

O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən də mən olmuşam.

Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar.

Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir.

Mən bir daha demək istəyirəm ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək.

Bizim gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.

Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır.

Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Biz bunu heç vaxt təsəvvür edə bilməzdik. İndi burada əyləşən gənclər sovet dövrünü xatırlamırlar, çoxları o vaxt heç doğulmamışdı. Ancaq o vaxt Azərbaycan idmanı sovet məkanında ön planda deyildi. Amma bu gün biz dünya miqyasında belə tarixi qələbələr qazanmışıq. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız nə qədər peşəkardır, iradəlidir, vətənpərvərdir.

Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin.

Yəni, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.

Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm. Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm.

Ölkəmizdə daxili vəziyyət sabitdir. Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir. Biz görürük ki, ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.

Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir. Ünvanlı sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan dövləti onlara dəstək göstərir. Onu da bildirməliyəm ki, Azərbaycan ünvanlı sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda, bundan sonrakı dövrdə özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin edəcəkdir.

Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi.

Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb.

Bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük.

İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq.

İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, - əlbəttə ki, əgər bu, təmənnasızdırsa, - biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq.

Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük - özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik.

Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm. Sizi qarşıdan gələn Gənclər Günü münasibətilə bir daha təbrik edirəm və gənclərə “Eşq olsun!” deyirəm. Sağ olun.

X X X

Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olundu.

X X X

Daha sonra gənclərin nümayəndələri çıxış etdilər.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm MƏCİDOVA dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Əziz gənc dostlarım.

Əvvəlcə hamınızı 2 fevral - Gənclər Günü münasibətilə təbrik edir, fəaliyyətinizdə daim uğurlar arzulayıram.

Biz tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasət dayanır. Ümummilli liderimiz Heydər Əliyev öz zəngin təcrübəsi, nüfuzu və dahilərə xas zəkası ilə gələcəyimiz üçün güclü əsaslar yaradıb.

Azərbaycan 28 ildir ki, müstəqil dövlətdir. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin bu il 25 ili tamam olur. 25 ildir ki, Azərbaycan gənci tarixi, milli və mədəni mənsubiyyətinin qorunması yolunda daha ciddi addımlar atmaqdadır. Biz beynəlxalq tribunalarda çıxış edərkən “Mən müstəqil Respublikanın vətəndaşıyam”, - deyə özümüzü təqdim edirik.

Bəli, bu sözləri biz fəxrlə deyirik. Çünki bizim arxalandığımız güclü dövlətimiz və güclü liderimiz var!

Sədri olduğum Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildə 11 təşkilatla yaradıldı. Bu gün sıralarımızda 128 təşkilat birləşir. Təşkilatımız Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək gənclərin ictimai idarəetmə məktəbi kimi də formalaşıb. Gənclər Təşkilatları Milli Şurasının sıralarından çıxmış gənclər bu gün mərkəzi və yerli icra orqanlarında, o cümlədən beynəlxalq təşkilatlarda və şirkətlərdə çalışaraq, bilik və bacarıqlarını dövlətimizin möhkəmlənməsinə və inkişafına yönəldirlər. Bu amilin əhəmiyyətini nəzərə alaraq gəncləri ölkəmizin həyatında daha da fəal iştiraka çağırıram. Çünki bu, bizim Vətənimizdir, çünki bu, bizim Azərbaycanımızdır.

Bir məqamı da xüsusi qeyd etmək istərdim. Gənclər təşkilatlarının təşəbbüsləri, onların cəmiyyətin və gəncliyin inkişafına yönəlmiş layihələri, həmçinin beynəlxalq əməkdaşlığı dövlət tərəfindən dəstəklənir. Gənclər təşkilatları üzvlərinin fəaliyyəti ən ali səviyyədə qiymətləndirilir. Məsələn, mən beynəlxalq tədbirlərdə iştirak edərkən, öz həmyaşıdlarıma gənclər üçün Prezident mükafatçısı olduğumu bildirəndə bunu təəccüblə qarşılayır, dövlət gənclər siyasətimizə həsəd aparırlar. Budur, gənclərə olan qayğı və diqqət, budur, gənclərə olan inam.

Gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində biz gənclər Azərbaycanın inkişafı və həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırırıq. Əminliklə deyə bilərəm ki, bundan sonra da belə olacaq.

Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Bizim yeganə yolumuz Prezidentimizin ətrafında daha da sıx birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.

Möhtərəm cənab Prezident, Siz Azərbaycan gənclərinin IV Forumunda çıxış edərək belə bir fikir bildirdiniz: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Biz də bütün fəaliyyətimizdə Sizə arxalanır və qayğınızı hər zaman hiss edirik.

On minlərlə gənci birləşdirən 128 gənclər təşkilatı adından bizə verilən bu dəyəri yüksək qiymətləndirir və Sizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün daim səylə çalışacağıq.

Diqqətinizə görə minnətdaram.

X X X

Qarabağ qazisi, baş leytenant Kamil MUSAVİ çıxış edərək dedi:

- Möhtərəm Prezident.

Cənab Ali Baş Komandan.

Hörmətli tədbir iştirakçıları.

Hər birinizi salamlayıram. Gənclər Günü münasibətilə bütün gənc bacı və qardaşlarımızı təbrik edir, həyatda uğurlar arzulayıram.

Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir. Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib hərbçi olmaq deyil. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil. Hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir.

Mən bu gün burada həm Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edirəm. Bildirmək istəyirəm ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz hər zaman öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq.

Cənab Baş Komandan, bir zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma Aprel döyüşlərində gözlənilməyən anda Sizin “İrəli” əmri verməyiniz cəsarətli qərarlarınızdan oldu.

Siz çıxışlarınızın birində belə bir fikir söyləmişdiniz: “Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq”. Bu fikirlərinizi dünyaya sübut etmək və öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Azərbaycanın qeyrətli oğulları Sizin “İrəli” əmrinizə hazırdır.

Möhtərəm cənab Prezident, “İrəli” əmri verdiyiniz zaman biz qazilər də bu əmrdən kənarda qalmayacağıq. Düzdür, kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar necə döyüşə bilər? Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər. Yetər ki, xalqımız yaşasın, yetər ki, müstəqil Azərbaycanımız var olsun.

Çox sağ olun.

X X X

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, “Human Foundation” Fondunun Azərbaycan üzrə təsisçisi Fəridə ƏSGƏRZADƏ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli gənclər.

Sizin və bu böyük gənclər auditoriyasının qarşısında çıxış etmək, fikirlərimi sizinlə bölüşmək mənim üçün şərəfdir. Biz bu gün dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Genetika, süni intellekt, robototexnika, nanotexnologiya və biotexnologiya sahələri artıq yenilik deyil. Bir çox peşə və ixtisaslar 5 və ya 10 il əvvəl heç mövcud deyildi. Bu səbəbdən də gənclərin yeni yaranan peşələr və əmək bazarına uyğunlaşması baxımından sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi çox aktualdır.

Sizin apardığınız uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda biznes mühiti davamlı olaraq yaxşılaşır, istehsal, emal sahələri inkişaf edir və iqtisadiyyatın şaxələnməsi təmin edilir. Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına dəstək göstərilir, qanunvericilik bazası təkmilləşdirilir və güzəştli kreditlər verilir. Startap infrastrukturunun inkişafı üçün böyük addımlar atılır. Yüksək texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubasiya mərkəzləri açılır. Gənclər üçün biznes məsləhət xidmətlərinin təşkili və metodiki tövsiyələrin verilməsi mühüm əhəmiyyət kəsb edir.

Gənc sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri beynəlxalq təcrübənin öyrənilməsi, mentallıq və innovasiya xidmətlərinin göstərilməsidir. İnnovativ ideyalara gəldikdə isə, sosial sahibkarlığı xüsusi vurğulamaq lazımdır. Bu sahə gəlir gətirməklə yanaşı, cəmiyyətə fayda verən, yerli və qlobal problemlərin həlli yollarını tapmağa təsir göstərməyə malik sahibkarlıq konsepsiyasıdır. Mənim “Human Foundation”u yaratmağıma bu düşüncə səbəb olub. Bizim məqsədimiz sosial sahibkarlıq platforması vasitəsilə gənclərə sosial biznes, mədəni layihələrin həyata keçirilməsi üçün şərait yaratmaq, hər kəs üçün bərabər imkanları dəstəkləməkdir.

Dövlətin dəstəyi bizi ətrafımızda çox sadə gəncləri toplamağa həvəsləndirdi və bu qarşılıqlı dəstək dairəsi bu gün getdikcə genişlənir. Son dövrlərdə yaradılmış sahibkarlıq subyektlərinə diqqət yetirəndə burada qadınların sayının artdığını müşahidə edirik. Azərbaycan çox azsaylı ölkələrdən biridir ki, qadınların sahibkarlıq fəaliyyəti dövlət tərəfindən tam dəstəklənir və inkişaf üçün bütün şərait yaradılır. Mənim fəaliyyətim bunun bir nümunəsidir. 21 yaşımdan etibarən sahibkar kimi, 23 yaşımdan isə universitetdə müəllim kimi çalışmağa başlamışam. Sevindirici haldır ki, mənim fəaliyyətim və ideyalarım müxtəlif təşkilat və dövlət qurumları tərəfindən dəstəklənib. Sahibkarlıq sahəsində həm elmi, həm praktiki fəaliyyət göstərməyim dövlətimizin yaratdığı şərait nəticəsində mümkün olub.

Əziz Mehriban xanım, Sizin ictimai fəaliyyətiniz, sosial sahədə gördüyünüz işlər, insanpərvərliyiniz və işgüzarlığınız nəinki mənə, bütün gənc azərbaycanlı qadınlara örnəkdir.

Hörmətli gənclər, bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır. Biz gənclər bu işdə cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Azərbaycanda hər bir gənc parlaq uğura nail ola bilər. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq. Gənclər günümüzü təbrik edirəm.

Hörmətli cənab Prezident, bizə yaratdığınız şərait və dəstək üçün Sizə gənc sahibkarlar adından dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, biz Azərbaycanın daha da güclənməsi naminə əzmlə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur ORUCOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Hörmətli tədbir iştirakçıları.

Əvvəla, Ulu Öndərimizin biz gənclərə hədiyyəsi olan Gənclər Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün bu yüksək kürsüdən Ulu Öndərin qurduğu Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi çıxış edib fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Cənab Prezident, Sizin rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı qüvvəsidir. Müdriklərdən biri deyib: “Haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini müəyyən edən xalqlar heç zaman uğursuzluğa düçar olmurlar”. Bəli, biz bu yolda iri addımlarla irəliləyirik. Biz ona görə xoşbəxtik ki, bu yolun təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri, Prezidenti gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib.

Cənab Prezident, Siz çıxışlarınızda demisiniz ki, Azərbaycan tarixində bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının, Azərbaycan gəncinin Sizə olan ehtiramıdır, məhəbbətidir.

Bu gün hər bir Azərbaycan gənci Ali Baş Komandanın əsgəridir. Səngərdə əsgəridir, Orduda əsgəridir, təhsildə əsgəridir. Əgər Azərbaycanın müstəqilliyinə qarşı hər hansı bir təhdid olarsa, inanın kı, cənab Prezident, bu gənclər həmin qüvvələri tarixin siyasi səhnəsindən bir anda silərlər.

Təbiidir ki, bu gün dünyada sosial şəbəkələrlə bağlı baş vermiş xaosdan bəzi antimilli qüvvələr sui-istifadə etməyə çalışırlar. Bir çox dövlətlər artıq bununla bağlı qanunvericilikdə dəyişikliklər edib, düşünürük ki, artıq bu, Azərbaycanda da zərurətə və tələbata çevrilib.

Bu gün xalq tərəfindən tarixin arxivinə atılmış siyasətin tör-töküntüləri, bax, həmin bu sosial medianın vermiş olduğu imkanlardan sui-istifadə edərək, xalqı çaşdırmağa, səhv, yalan, böhtan xarakterli məlumatlar yayaraq, insanlardakı Azərbaycana olan inamı itirməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Amma bu gün Yeni Azərbaycan Partiyasının gənc üzvləri - Prezidentini, Vətənini sevən gənclər onları sosial şəbəkələrdə də iflasa uğradıblar. Bütün həqiqətləri açıqlayaraq, Azərbaycan cəmiyyətinə onların kim olduqlarını göstərib. Azərbaycan xalqı onsuz da onların kim olduğunu çox gözəl bilir. Mən buradan üzümü həmin antimilli qüvvələrə tutub deyirəm, təkcə Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının bir rayondakı üzvlərinin sayı sizdən qat-qat çoxdur. Təkcə ötən il Yeni Azərbaycan Partiyasına 24 mindən çox üzv qəbul edilib. Onların əksəriyyəti gənclərdir. Bu da ondan xəbər verir ki, Azərbaycan cəmiyyəti bu siyasi kursa böyük dəstək verir, bu siyasi kursla həmfikirdir.

Əziz cənab Prezidentimiz, Siz qısa müddət ərzində yeni Azərbaycan qurdunuz. Azərbaycanı dünyada bir çox dövlətlərin heyranlıqla izlədiyi bir səviyyəyə gətirib çıxardınız. Biz gənclərin də, Yeni Azərbaycan Partiyası gənclərinin də əsas işi ondan ibarətdir ki, Sizin və çox hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gördüyü işləri gənclərimizə çatdıraq, bunun təbliğatını aparaq. Təbiidir ki, Siz bu işdə bizə çox kömək göstərirsiniz. Çünki Sizin gördüyünüz işlər o qədər möhtəşəmdir, cəmiyyət tərəfindən o qədər müsbət qarşılanır və Azərbaycanı o qədər qüdrətli edir ki, həmin işlər özü-özünü təbliğ edir.

Müqayisə üçün deyim ki, məsələn, Ermənistan gəncləri öz rəhbərlərini necə təbliğ edə bilərlər? İş yoxdursa, əhali səfil vəziyyətdə yaşayırsa, hər şeydən məhrumdursa, hansı təbliğatdan söhbət gedə bilər?! Amma Azərbaycan gəncinin deməyə sözü çoxdur.

Cənab Prezident, Sizi bir daha əmin etmək istəyirəm ki, biz istər regionlarda, istərsə də paytaxtda gənclərlə görüşlərimiz zamanı gənclər Sizə hər zaman öz məhəbbət, sevgi və ehtiramlarını ifadə edirlər. Bu gün Siz əmin ola bilərsiniz ki, Azərbaycan gəncliyi Sizin çağırışınızı gözləyir, Azərbaycan gəncliyi Sizinlədir. Çünki bizim dəmir iradəli Prezidentimiz var. Biz çox sürətlə inkişaf edirik. Bu yoldan bizi heç kim, heç bir qüvvə döndərə bilməz.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Heydər Əliyev yolu! Yaşasın Prezidentimiz İlham Əliyev!

Çox sağ olun.

x x x

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydan RAMAZANOVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.

2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən təsis olunmuş “Regional İnkişaf” İctimai Birliyinin məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, ölkəmizin sosial, ictimai və mədəni həyatında fəal iştirak etmək, dövlətimiz tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə geniş dəstək göstə

Açar sözlər: aesmatgt, atutgt, bdutgt, adiutgt, adutgt, adnsutgt, akutgt, admiutgt, addatgt, adratgt, loremipsum