• Bizi izləyin:
AZ | RU | EN

"Gələcəyə doğru" adlı məzun gecəsi keçirilib

19.06.2019, 22:28 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

İyunun 15-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.
Qonaqlar əvvəlcə foyedə quraşdırılmış gənclər təşkilatlarına məxsus müxtəlif məzmunlu stendlərlə tanış olublar.

Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.

Məktubda qeyd edilib:

"Əziz məzunlar! Hər birinizi salamlayır və məzun olmağınız münasibətilə ürəkdən təbrik edirəm!
Orta məktəb illəri hər kəsin həyatının ən yaddaqalan dövrüdür. 11 il ərzində siz məktəbdə əlifbadan başlayaraq elmin sirlərinə yiyələnmisiniz. Nəhayət, bu gün uşaqlıq və qayğısız məktəb illəri ilə vidalaşırsınız.
Məktəbdən məzun olmaq hər bir insanda təzadlı hisslər doğurur. Bu gün siz uzun illər təhsil aldığınız məktəbdən, müəllimlərinizdən və sinif yoldaşlarınızdan ayrılırsınız. Eyni zamanda, bu gündən etibarən müstəqil həyata, öz taleyinizi müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyursunuz.
Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir elmin yeniliklərini dərindən mənimsəmək günümüzün tələbidir. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir.
Seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir.
Əziz dostlar!
Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Bu sadə həqiqəti gözəl dərk edərək, dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük vəsait yatırılmaqdadır. Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir. Çünki parlaq gələcəyimizi qurmaq sizin üzərinizə düşəcəkdir.
Son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Nailiyyətlərimiz göz önündədir. Lakin qarşıda bizi hələ yeni hədəflər gözləyir, üzümüzə geniş üfüqlər açılır. Cənab Prezident İlham Əliyev inamlı addımlarla bizi daha gözəl bir gələcəyə doğru aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Gəlin birlikdə vətənimiz Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsinə dəstək olaq!
Bir daha sizi məzun günü münasibətilə təbrik edir, sonrakı təhsilinizdə və fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Yolunuz açıq olsun!"
Tədbir konsert və əyləncə proqramı ilə davam etdirilib.
Məlumat üçün bildirək ki, Məzun günündə müxtəlif təşkilat, ictimai birlik və mərkəzlər öz stendləri ilə icra etdikləri maraqlı layihə və tədbirlər haqqında məzunları məlumatlandırıblar. ATGTİ-nin stendi də məzunların xüsusi diqqətinə səbəb olub. Belə ki, ATGTİ stendində məzunlara həvəsləndirici hədiyyələr verilib, Youthvision, Tələbə Kartı, Səyyar Kitabxana, Liderlik Akademiyası, Yaşayan Tarix kimi mötəbər layihələr haqqında tələbələrə məlumat verilib.