• Bizi izləyin:
AZ | RU | EN

"Nəsimi ili" çərçivəsində "Tələbə baharı" ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti uğurla baş tutub

02.05.2019, 23:31 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Nəsimi ili” çərçivəsində “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.

Tədbirdə Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ATGTİ sədri Faiq Məmmədov, eləcə də digər dövlət və hökumət rəsmiləri, deputatlar və başqa qonaqlar iştirak ediblər.

Tədbirdə tələbələr müzikl-tamaşalar nümayiş etdiriblər.

“Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Bu il aprelin 2-3-də festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 18 ali təhsil müəssisəsindən 800-ə yaxın tələbə müxtəlif nominasiyalar, musiqi (xalq mahnıları, klassik musiqi, estrada musiqisi, pop musiqisi, muğam, rok) və rəqs (milli rəqslər (kollektiv, solo), müasir rəqslər (kollektiv, solo), dünya xalqlarının rəqsləri) janrlarında istedad və bacarıqlarını nümayiş etdiriblər.
Festival bir sıra gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncü yerə layiq görülən Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana birinciliyi bəxş edən Eldar Qasımov “Tələbə baharı” festivalının qalibi və iştirakçısı olublar.
Sonda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olunub.

Məlumat üçün bildirək ki, “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı 2011-ci ildən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.