• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin ofisində "Diplomatiyanı səfirdən öyrən" adlı layihə çərçivəsində sonuncu görüş müvəffəqiyətlə baş tutub

24.04.2019, 22:07 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

   Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Diplomatiyanı səfirdən öyrən" adlı layihə çərçivəsində nəzərdə tutulmuş 5 görüşdən artıq sonuncusu müvəffəqiyyətlə baş tutub.

   Budəfəki görüşün qonağı Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş olub.

   İlk olaraq  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Ramin Həbibzadə cənab səfiri qarşılayıb və layihə haqqında ümumi məlumat verərək, gələcək əməkdaşlıqlar barədə müzakirələr aparıb. Ramin Həbibzadə Gənclər Fondunun layihəyə olan diqqət və qayğısını cənab səfirin diqqətinə çatdırıb, ümumiyyətlə Gənclər Fondunun gənclərə olan hər sahədə göstərdiyi dəstəyini xüsusi olaraq vurğulayıb.

   Səfir Məhəmməd Adil Embarş ilk olaraq dəvətə görə minnətdarlığını bildirərək, iştirakçılarla kiçik oyun keçirib. Mərakeş haqqında müxtəlif suallar verib və düzgün cavablandıran ilk 3 iştirakçıya hədiyyələr təqdim edib.

   Daha sonra cənab səfir iki dost ölkə Mərakeş-Azərbaycan arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrindən danışıb və Azərbaycan-Mərakeş əlaqələrini yüksək dəyərləndirib. O, sözlərinə əlavə edərək Azərbaycandakı tolerantlıq və stabilliyin digər ölkələrə nümunə ola biləcəyini qeyd edib. Tarix, mədəniyyət və dünyəvi dəyərlər baxımından iki ölkənin xalqları arasında oxşar xüsusiyyətlərin olduğunu bildirən səfir ölkələrarası əməkdaşlığın perspektivlərindən danışıb. Cənab Embarş onu da qeyd edib ki, 1992-ci ilin 25 avqust tarixindən etibarən Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr yaradılıb. 2006-cı ildən isə Azərbaycan Respublikasının Rabatda və 2009-cu ildən Mərakeş Krallığının Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

   Həmçinin ortaq siyasi maraqlarımıza toxunan cənab səfir ümummilli lider Heydər Əliyev siyasətindən bəhs edərək 1994-cü ildə Kasablankada keçirilən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunan sammitdə etdiyi çıxışdan danışıb. 
   Bununla yanaşı Mərakeşdə Azərbaycan haqqında jurnalın dərc edildiyini iştirakçıların nəzərinə çatdırıb və daha sonra iştirakçıların suallarını ətraflı  cavablandıraraq, tədbiri yüksək qiymətləndirib və layihə təşkilatçılarına təşəkkürlərini bildirib.

   Sonda isə xatirə şəkli çəkilib və tədbir yekunlaşıb.