• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri, eləcə də İran İslam Respublikasının nümayəndə heyəti ATGTİ-nin qonağı olub

20.04.2019, 19:09 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

    20 aprel 2019-cu il tarixində İran İslam Respublikasının nümayəndə heyəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov ATGTİ-nin qonağı olub. Nümayəndə heyətini Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədov və Baş Katib Ramin Həbibzadə qarşılayıb.

   Qonaqlar ofis və katiblik üzvləri ilə tanış olduqdan sonra Faiq Məmmədov ATGTİ-nin yaranma tarixi və İttifaqın fəaliyyət istiqamətləri haqqında qısa məlumat verib. O, İttifaqın Azərbaycan Respublikasının 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını özündə birləşdirdiyini və bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də region universitetlərinin aid olduğunu bildirib. İttifaqın məqsədinin isə ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək olduğunu vurğulayıb.

  Bildirilib ki, ATGTİ yarandığı dövrdən etibarən tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaq məqsədilə  bir çox genişmiqyaslı layihələrə imza atıb.

  Bundan əlavə olaraq qeyd edilib ki,  gənclərə sosial dəstəyin artırılması məqsədi ilə 2012-ci ildən etibarən fəaliyyət göstərən  “Azərbaycan Tələbə Kartı” layihəsi tələbələr tərəfindən böyük maraqla qarşılanır. Daha sonra nümayəndə heyəti “Azərbaycan Tələbə Kartı” ilə əyani formada tanış olub. Bununla yanaşı qonaqlara “Səyyar Kitabxana” layihəsi və “Youthvision” beynəlxalq mahnı müsabiqəsi haqqında məlumat verilib.

 

   Son olaraq nümayəndə heyəti ATGTİ-nin müvafiq illər üzrə hesabat jurnalları ilə tanış olub,  yaradılmış şərait və iş prinsipini yüksək dəyərləndirərək ATGTİ-nin gələcək fəaliyyətində uğurlar arzulayıb.