Bizi İzləyin :

BİZ MƏTBUATDA

ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində kütləvi məlumatlandırma günləri keçirilib

ATGTİ-nin təşəbbüsü, TGT-lərin təşkilatçılığı  ilə Azərbaycanda ilk dəfə olaraq 70-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrində universitetə yeni daxil olmuş tələbələr üçün kütləvi məlumatlandırma günləri keçirilib. Müxtəlif regionlarda 13-27 sentyabr tarixlərində  keçirilən məlumatlandırma günlərində 3000-dən çox tələbə ali təhsil alacaqları müəssisə, onun tələbə-müəllim heyəti, tələbə təşkilatları, tədris sistemi ilə yaxından tanış olublar. Məlumat üçün bildirək ki, dünyanın bir çox təhsil ocaqlarında ənənəvi olaraq keçirilən məlumat xarakterli görüşlər Azərbaycanda ilk dəfə olaraq bu qədər tələbə kütləsini əhatə etməklə 3000-dən çox tələbənin təhsil alacağı müəssisə haqqında ətraflı məlumat almasına səbəb olub. Onu da qeyd edək ki, Azərbaycanda keçirilən məlumatlandırma günləri ərzində bir çox təhsil ocağlarında hətta  tələbələrin əylənməsi və səmimi mühitə alışması üçün müxtəlif formatlı idman yarışları keçirilib, rəqs təşkil edilib və bəzi fəal tələbələr mükafatlandırılıb.          


2019-10-11

Ətraflı >

ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub

22 fevral 2020-ci il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin yanvar ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb:  1. “Könüllülər ili” çərçivəsində TGT fəalları ilə görüş; 2. 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri; 3. 20 Yanvar - Şəhidlər Xiyabanını ziyarət; 4. Azərbaycan Tələbə Kartının tanıtım videolarının çəkilməsi; 5. İntellektual klubların II Gənclər kuboku; 6. XII Liderlik Məktəbi; 7. ATV KVN Liqasının 8/1 final mərhələsi; Həmçinin, iclas çərçivəsində aşağıdakı mövzular müzakirə olunub:                                                                                                 1. Tələbə Gənclər Təşkilatları üçün ayrılan Resurs Mərkəzi; 2. Klubların fəaliyyətininn təkminləşdirilməsi, onların işinin vacibliyi; 3. İttifaqa TGT-lərdə təcrübəçilərin cəlb edilməsi; İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.  


2020-02-29

Ətraflı >

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq TGT-lərdə silsiləvi tədbirlər keçirilib

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız dahi rəhbərin xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Elə bu münasibətlə də onlarla TGT-də Heydər Əliyev anılıb və silsiləvi tədbirlər, yarışlar, təmizlik aksiyaları keçirilib. Məlumat üçün bildirək ki, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbələr arası dama yarışı keçirilib. Yarışda 30-dan çox tələbə iştirak edib. Bununla yanaşı, bir çox TGT-lər Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fakültələr arası intellektual yarışlar keçirib.  Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.Tədbir Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılovun və tələbələrin H.Əliyevlə bağlı maraqlı çıxışları ilə yadda qalıb. Heydər Əliyevin anım günü ilə bağlı bir çox təhsil müəssisələrində Heydər Əliyev büstünün qarşısına güllər qoyulub sonra, əl işlərindən ibarət rəsm sərgiləri keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı və Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Fidan Camalzadənin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan məruzələri dinlənilib. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, ulu öndərin tarixdəki müstəsna rolundan bəhs edilib. Daha sonra tələbələrin ifasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şeir və mahnılar səsləndirilib. Bir çox TGT-lər isə təhsil müəssisələrinin yerləşdiyi rayonlardakı H.Əliyev mərkəzlərini ziyarət edib, ulu öndərin həyat yolu ilə tanış olublar.      


2019-12-13

Ətraflı >

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ili münasibətilə videokonfrans keçirilib.   Videokonfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Cümhuriyyətə aparan yol” mövzusunda çıxış edərək,  müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirilən yeniliklərin Azərbaycan xalqının tarixində olan yeri və əhəmiyyəti haqqında konfrans iştirakçılırına məlumat vermişdir. Görüşdə iştirak edən tələbələrin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına aparan yol, həmin tarixi dönəmdə regionda və dünyada baş verən hadisələr, bunların ilk cümhuriyyətimizin mövcudluğuna təsiri və respublikanın süquta uğramasını şərtləndirən səbəblər barədə sualları cavablandırılmışdır. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan hazırkı dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və daha da qüdrətlənərək inkişaf etməsi üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər əllərindən gələni etməli və hər zaman müstəqilliyimizi və dövlətçiliyimizi əziz tutmalıdır. Qeyd edək ki, görüşdə 200 yaxın gənc iştirak edib.  


2020-05-28

Ətraflı >

Azərbaycan tələbələrinin II qurultayı keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və  Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.   Qurultayın keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.   Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb.   Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. C.Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.   Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib. O bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi rəhbər çıxışlarında gəncliyin ölkə və xalq üçün hər şeydən qiymətli olduğunu qeyd edirdi. Bu gün dövlətimizin başçısı İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir. Həmçinin, Şahin İsmayılov qeyd edib ki, Azərbaycan gəncliyinin avanqard pilləsi sayılan tələbələr dövlət gənclər siyasətinin daim tərkib hissəsi və maraq dairəsi olmuşdur.   Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.   Qurultay tələbələrin çıxışları ilə davam edib   Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.   Qurultay tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.  


2018-12-22

Ətraflı >

ATGTİ sədri Faiq Məmmədov Belçikanın Brüssel şəhərində işgüzar səfərdə olub

15-18 noyabr tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin iclasında iştirak edib. İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər məruzə edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində 200-dən çox, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq müəssisədən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir. Məlumat üçün bildirək ki, Azərbaycan Tələbə kartının əməkdaşlıq etdiyi Avropa Gənclər Kartı Assosiasiyası 1991-ci ildə gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalamış, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlamışdır. Onu da qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  ən gənc və ilk Azərbaycanlı üzvüdür.  


2019-11-27

Ətraflı >

“Hərbi Qənimətlər Parkı”na səfər

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hərbi Qənimətlər Parkı”na səfər təşkil olunmuşdur.Səfər zamanı SDU-nun baş müəllimi, polkovnik-leytenant Tapdıq Hacıyevin bələdçiliyi ilə #tələbələrimİZ parkdakı eksponatlarla tanış olmuş və ətraflı məlumat əldə etmişlər.


2021-11-13

Ətraflı >

Bakı Avrasiya Universitetində “Unudulmuş Sədalar” adlı layihə keçirilib

  Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində Azərbaycan Tələbə Kartı istifadəçiləri üçün “Unudulmuş Sədalar” adlı layihə keçirilib. Layihənin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, retro musiqilərimizin gənclər arasında təbliğ olunmasından ibarətdir. Tədbirdə açılış nitqi ilə Bakı Avrasiya Universitetinin rektorun təşkilati məsələlər üzrə müavini Kamil Məmmədov çıxış edərək, bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra Azərbaycan musiqi tarixini, klassik estrada ifaçılarının ifalarını əks etdirən videoçarx nümayiş etdirilib. Konsertdə məşhur müğənnilər Ayaz Babayev və Sərvət Əsəd çıxış etmişdir. Eləcə də, musiqi alətləri qrupu, rəqs qrupunun çıxışları yer alıb. Sonda xüsusi guşədə tələbələr üçün elektron qeydiyyatdan keçərək, Azərbaycan Tələbə Kartına sahib olmaq xüsusi imkanı yaradılıb.  


2018-12-20

Ətraflı >

Dayanıqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum keçirilib

  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan  səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.


2018-11-02

Ətraflı >

Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir keçirilib

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir həyata keçirilib. Layihə Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Musiqi Kollecində baş tutmaqla, bir neçə təhsil müəssisəsini əhatə edib. Layihənin əsas məqsədi gənc nəslin qidalanma vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin təşkilindən ibarətdir. Layihə müddətində təhsil müəssisələrinin müəllim heyəti çıxış edərək tələbələrə gənclik illərində sağlam qidalanmanın mahiyyətindən bəhs edib. Daha sonra tələbələr təlimçinin izahı ilə birlikdə videoçarx izləyib və maraqlı suallar ətrafında müzakirələr edib. Bununla yanaşı tələbələrdən ibarət peşəkar idmançı və məşqçilər də öz növbəsində idmanla məşğul olmağın hər bir insanın fiziki sağlamlığında əhəmiyyətli rolundan bəhs edib.              


2019-02-20

Ətraflı >

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.  


2020-02-22

Ətraflı >

Tələbə Gənclər Təşkilatlarının sədrlərinin Təhsil Naziri Ceyhun Bayramovla görüşü keçirilmişdir

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq təhsil sferası və tədris prosesində tətbiq edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən Tələbə Gənclər Təşkilatlarına daxil olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı müraciətə ən qısa zamanda reaksiya vermiş Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun TGT Sədrləri ilə online formatda görüşü baş tutmuşdur. Görüşdə Təhsil naziri ilk öncə müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumatı bölüşmüş, tələbərlə və Tələbə Gənclər Təşkilatları ilə belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır. Nazir çıxışı zamanı tələbələri narahat edən bir sıra məsələlərə aydınlıq gətirmişdir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadılmasının baş verməyəcəyi, imtahanlarda iştirak, distant təhsildə iştirak edə bilməyən tələbələr üçün yeni imkanlar, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklər barədə danışan Ceyhun Bayramov, 4-cü kursda təhsil alan tələbələrin yekun dövlət imtahan qiymətlərinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən aparılacağı və tələbələrə qiymətləri ilə əlaqədar təkrar baxılması üçün müraciət imkanının yaradılacağı, buraxılış işlərinə baxılma qaydalarının təhsil müəssisələrinin elmi şuralar tərəfindən müəyyən ediləcəyi, onlayn dərslərdə iştirak etmə imkanı olmayan tələbələr üçün yayda təkrar təşkil ediləcək icmal dərslərində iştirak imkanının yaradılacağını qeyd etmişdir. O, eyni zamanda, avqust və sentyabr aylarında məsləhət saatlarının təşkil ediləcəyi və bunlarla əlaqədar tələbələrdən əlavə ödənişin alınmayacağı, tələbə təqaüdlərinin imtahanlardan sonra müəyyən ediləcəyi barədə məlumat vermişdir. Görüşdə Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələri maraqlandıran bir sıra suallarını nazirə ünvanlamışlar. Suallar tələbələrin təqaüd, onlayn təhsil ilə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və  digər aktual məsələləri əhatə etmişdir. Nazir tələbələrin suallarını təfərrüatı ilə cavablandırmış və eyni zamanda tələbələrin səsləndirdikləri rəy və təkliflərini diqqətlə dinləmiş, onların nəzərdən keçiriləcəyini bildirmişdir.  Tələbə Gənclər Təşkilatlarının Təhsil Nazirliyinin məsul şəxsləri ilə bu formatda görüşlərin gələcəkdə də keçirilməsinin faydalı olacağı qeyd edilmişdir.      


2020-05-22

Ətraflı >

“Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” lahiyəsinin ekspertləri tələbələrlə görüşüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb. Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar. Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.


2018-11-09

Ətraflı >

MüəlliminİZ Burada

Əziz tələbələr! Təklifimiz var! Sevdiyiniz müəllimlərinizi onlayn olaraq mühazirə söyləməyə dəvət etməyi təklif edirik! Tədris prosesi müvəqqəti dayandırıldığına görə darıxdığınız müəllimləri yenidən görmək və yeni biliklər əldə etmək üçün gəlin onları bilikdə onlayn mühazirə söyləməyə dəvət edək. Bunu etmək çox sadədir: Bunun üçün postun rəy bölməsində təhsil müəssisənizin adını, sevdiyiniz müəllimin ad, soyadını və tədris etdiyi fənni qeyd etməyiniz kifayətdir.  


2020-03-15

Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində Miniatür Kitab Muzeyinə ekskursiya

20 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Kitab Qurdu” Klubunun təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunmuşdur.


2021-11-20

Ətraflı >