• Bizi izləyin:
AZ | RU | EN

Bir neçə təhsil müəssisəsində TGT seçkilərinə start verilib!

12.10.2019, 10:01 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Dostlar, təhsil aldığınız müəssisənin Tələbə Gənclər Təşkilatı sədr və ya müavini, fakültə sədr və ya müavini seçilmək, eləcə də seçki proseslərinə qoşulmaqla ən layiqli namizədi yuxarıda sadalanan vəzifələr üzrə dəstəkləmək istəyirsinizsə TGT Seçkilərinin yeni qaydaları ilə tanış olun!

Budəfəki seçkilər şəffaflıq baxımından tam fərqli olacaq.

Yeni seçki qaydalarına əsasən son kurs tələbələri istisna olmaqla bütün tələbələr TGT və fakültə  sədrliyinə öz namizədliyini, müavini kimi görmək istədiyi tələbə ilə birgə verəcək.

Hər bir tələbənin yalnız 1 vəzifə üzrə namizədlik vermək imkanı olacaq. Bununla yanaşı hər tələbə verilmiş vəzifələrin hər biri üzrə yalnız 1 nəfərə səs vermə imkanına malikdir.

Şərtlərə əsasən bütün tələbələr seçici və namizəd qismində bərabərhüquqludur.

TGT sədri bütün tələbələr tərəfindən seçildiyi halda, fakültə sədri yalnız həmin fakültənin tələbələri tərəfindən seçilə bilər.

Seçki prosesləri aşağıdakı mərhələlər üzrə verilmiş müddətlər ərzində reallaşacaq:

 

  1. namizədlərin elektron qeydiyyatı 
  2. namizədlərin müsabiqə yolu ilə təsdiqi
  3. təşviqat kampaniyaları
  4. seçki günü
  5. hesabat-seçki konfransı 

Namizədliyini irəli sürmək istəyən hər bir tələbə seçki keçirilməsi nəzərdə tutulan təhsil müəssisəninin Tələbə Gənclər Təşkilatının rəsmi facebook və instagram hesablarında yerləşdirilən qeydiyyat formunu doldurmaqla namizədliyə baş vura bilər. 

Daha sonra, qeydiyyatı uğurla başa vuran tələbə müsahibə mərhələsinə dəvət alır. Müsahibə mərhələsi təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və ATGTİ katiblik nümayəndələrindən ibarət komissiya tərəfindən keçirilir.

Müsahibə mərhələsini uğurla keçən tələbənin namizədliyi təsdiqlənmiş sayılır. Bu halda namizəd müəyyən olunmuş vaxt ərzində təhsil müəssisəsində təşviqat kampaniyaları keçirməklə seçici kütləsini formalaşdıra bilər.

Sonrakı mərhələdə bir gün ərzində seçki keçirilir və tələbələr seçki bülletenlərindən istifadə etməklə fakültədə yaradılmış seçki məntəqəsinə yaxınlaşıb istədiyi namizədə səs verə bilər.

Seçki nəticələri hesabat-seçki konfransında elan ediləcəkdir və yeni heyət fəaliyyətinə başlayacaqdır.

Həm Təşkilat sədri və müavini, həm də fakültə sədri və müavini vəzifəsinə bir namizəd 2 il müddətinə seçilir və 2 dəfədən artıq seçilə bilməz.

Qeyd edək ki, bütün seçki proseslərinin şəffaflığına ATGTİ xüsusi nəzarət edir. Əlavə sual və təklifləriniz, seçki proseslərindən şikayətiniz olarsa verilmiş elektron poçt ünvanına (sechki.atgti@atgti.az), ATGTİ-nin rəsmi facebook və instagram hesabına yaza bilərsiniz.

Ali və ya orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının yeni əsasnaməsi ilə tanış olmaq üçün göstərilmiş linkə daxil ola bilərsiniz: https://www.atgti.az/syos/regulations?lang=az